İctimai nəqliyyatda tariflər yenidən bahalaşdırılıb. Tarif Şurası metro və avtobuslarda gediş qiymətlərinin artırılması ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, oktyabrın 1-dən etibarən:
Metroda bir gediş 60 qəpik olacaq. Müasir tələblərə cavab verən, yalnız nağdsız ödəniş sistemi ilə işləyən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında minimal gediş haqqı 60 qəpikdən başlayacaq.
Rəsmilər bu addımı “xidmətin keyfiyyətinin artırılması” və “dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olunması” ilə əsaslandırsalar da, yeni tariflər yalnız nağdsız ödəniş qəbul edən və elektrik, CNG və ya 2025-ci ildən sonra istehsal olunan dizel avtobuslarına şamil ediləcək.
Hazırda paytaxtda bu şərtlərə cavab verən marşrutların sayı ümumi şəbəkənin təxminən 30 faizini təşkil edir. Digər marşrutlarda qiymət dəyişikliyi gözlənilmir.
Yeni tariflər Bakı-Sumqayıt, Bakı-Abşeron və digər şəhərlərarası marşrutlara da şamil ediləcək.
Sosial şəbəkələrdə istifadəçilər bu qərarı kəskin tənqid edirlər. Onların fikrincə, maaş və pensiyalar artmadığı halda gediş haqlarının bahalaşdırılması əhalinin cibinə əlavə yükdür.
İqtisadçılar isə bildirirlər ki, qiymət artımı xidmətin keyfiyyətinə deyil, sadəcə büdcəyə əlavə gəlir toplamağa xidmət edəcək.
Paraqraf.com
![]()
