Müasir dövrdə gənclərin əksəriyyəti evliliyə maraq göstərmir. Onlar ya bu məsuliyyəti üzərlərinə götürməkdən çəkinir, ya da gələcəkdəki maddi xərcləri düşünərək nikahdan boyun qaçırırlar. Evlənənlərin bir hissəsi isə qısa müddət sonra boşanma qərarı verir.
Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev Paraqraf.com-a açıqlamasında bildirib ki, gənclər arasında evliliyə soyuq münasibət artıq ümumi qəbul olunmuş faktdır:
“Bu vəziyyət təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunan qlobal sosioloji dəyişiklikdir və keçici xarakter daşımır. Gənclərin evlənmək istəməməsinin çoxsaylı səbəbləri var”.
Sosioloqun sözlərinə görə, günümüzdə “özünü kəşf etmək”, “karyera qurmaq”, “azad yaşamaq” kimi fərdi məqsədlər evlilikdən daha üstün tutulur. Nikah isə çox zaman şəxsi azadlıqları məhdudlaşdıran institut kimi qəbul olunur.
Qərb mədəniyyətinin təsiri ilə fərdiyyətçi düşüncə, gender bərabərliyi və feminizm kimi ideoloji axımlar ailədaxili ənənəvi rolları yenidən sorğulamağa başlayıb. Qadınlar artıq yalnız “ana və həyat yoldaşı” rolunu qəbul etmək istəmir, təhsil alır, karyera qurur, müstəqil yaşamağa çalışırlar. Eyni zamanda, bəzi kişilər də ailənin yeganə təminatçısı olmaq istəmir.
Bununla yanaşı, qeyri-rəsmi münasibətlər, nikahdan kənar birgə yaşam və “açıq münasibət” modelləri getdikcə daha çox qəbul edilir. Beləliklə, evlilik münasibətin yeganə məqbul forması olmaq statusunu itirir.
İdeoloji amillərlə yanaşı, yerli sosial-iqtisadi problemlər də nikahı çətin seçimə çevirir. Gənclərin maliyyə müstəqilliyinə çatması artan yaşam xərcləri səbəbindən daha da çətinləşib.
“Özünü dolandıra bilməyən, stabil gəliri olmayan bir insan necə ailə qurub başqa insanların da məsuliyyətini üzərinə götürə bilər ki?” – deyə sosioloq vurğulayıb.
Onun sözlərinə görə, evlilik gənclər üçün həm də ciddi maddi riskdir: ev almaq, sabit iş tapmaq kimi nikah üçün əsas şərtlərin təminatı bir çoxları üçün ya xəyaldır, ya da olduqca çətin hədəf.
Yusif Nəbiyev əlavə edib ki, hazırda yalnız ailə qurmaq yox, onun davamlılığını qorumaq da böyük çətinlik tələb edir. Boşanmaların artması subay gənclərdə nikaha qarşı şübhə və tərəddüd yaradır:
“Əgər vaxtında lazımi addımlar atılmasa, Azərbaycan da bu sahədə digər ölkələrdən fərqli aqibət yaşamayacaq. Eyni sosial dəyişikliklər bizdə də baş verəcək və ailə institutuna maraq daha da zəifləyəcək”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
