Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqqının 60 qəpiyə qaldırılmasını parkın yenilənməsi və ekoloji baxımdan daha əlverişli nəqliyyat vasitələrinin alınması ilə əsaslandırıb. Lakin ictimaiyyətin əsas sualı açıq qalır: qiymətlər artır, bəs xidmət keyfiyyəti də yüksələcəkmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli Paraqraf.com-a açıqlamasında bildirib ki, nazirliyin açıqlamaları hər dəfə eyni məntiqlə verilir:

“Təəssüf ki, qiymətlər artsa da, ictimai nəqliyyatda xidmət keyfiyyətində ciddi dəyişiklik müşahidə olunmur. Əslində ilk növbədə düzgün idarəetmə sistemi qurulmalı, ayrılan dotasiyaların istifadəsinə dair şəffaf mexanizmlər hazırlanmalı və tətbiq edilməlidir. Yalnız bu halda ictimai nəqliyyatda xidmətin keyfiyyəti yüksələ, nəqliyyat daha əlçatan və rahat ola bilər”.
Ekspertin sözlərinə görə, əvvəlki dövrlərdə də qiymət artımı eyni arqumentlərlə əsaslandırılsa da, real nəticələr hiss olunmayıb:
“Doğrudur, müəyyən sayda yeni avtobuslar gətirilib, lakin bunların istifadəsi əsasən Bakının mərkəzi hissələri ilə məhdudlaşıb. Şəhər ətrafında vəziyyət isə hələ də acınacaqlıdır, sərnişindaşıma prosesi çox zəif təşkil olunub. Buna görə də indiki qiymət artımının da mühüm dəyişikliklərə gətirib çıxaracağına inanmaq çətindir”.
Razi Abbasbəyli eyni zamanda qeyd edib ki, müəyyən gözləntilər mövcuddur. Hazırda ictimai müzakirələrdə tələbələr, təqaüdçülər və məktəblilər üçün abunəlik formasında gedişhaqqı kartlarının tətbiqi nəzərdən keçirilir:
“Əgər bu addımlar atılarsa, qiymət artımının mənfi təsirləri xeyli yumşaldıla bilər. Amma hazırda xüsusən aztəminatlı və əsasən metro ilə ictimai nəqliyyatdan istifadə edən insanlar üçün bu artımlar aylıq büdcədə ciddi yükə çevriləcək”.
Həsən Məmmədov
Paraqraf.com
![]()
