Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Bu barədə Rusiya KİV məlumat yayıb.
Görüşdə Baş nazirin müavini Aleksey Overçuk, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, xarici işlər nazirinin müavini Dmitri Lyubinski, “Rusiya Dəmir Yolları” QSC-nin baş direktoru Oleq Belozerov və “Rosatom”un baş direktoru Aleksey Lixaçyov da iştirak ediblər.
Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva Paraqraf.com-a açıqlamasında bildirib ki, Putinlə Paşinyanın Kreml görüşü Moskva–İrəvan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:

“Görüşdə iştirak edən şəxslərin siyahısı hökumət nümayəndələri ilə yanaşı, “Rusiya Dəmir Yolları” və “Rosatom” kimi strateji şirkət rəhbərlərinin olması müzakirələrin sırf siyasi müstəvidən çıxaraq iqtisadi, infrastruktur və enerji məsələlərini də əhatə etdiyini göstərir. Bu, tərəflərin münasibətləri yalnız təhlükəsizlik prizmasında deyil, daha geniş əməkdaşlıq kontekstində nəzərdən keçirdiyini ortaya qoyur.
Müzakirələrin əsas istiqamətləri regional təhlükəsizlik, Qarabağ sonrası vəziyyət, Ermənistanın enerji təminatı, nəqliyyat dəhlizləri və iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı ola bilər. Xüsusilə “Rusiya Dəmir Yolları” və “Rosatom” rəhbərlərinin iştirakı Moskvanın İrəvana enerji və infrastruktur sahələrində daha sıx inteqrasiya təklif etdiyini göstərir. Bununla yanaşı, təhlükəsizlik sahəsində əməkdaşlıq və KTMT çərçivəsində Ermənistanın öhdəlikləri də əsas müzakirə mövzuları olub”.
Politoloq əlavə edib ki, Rusiya–Ermənistan münasibətləri hazırda mürəkkəb mərhələdədir:
“Bir tərəfdən, Ermənistan Moskvanın ənənəvi müttəfiqi və təhlükəsizlik təminatçısıdır. Digər tərəfdən, Paşinyan hökumətinin son illərdə Qərblə əməkdaşlığı gücləndirməsi Kremlin narazılığına səbəb olur. Qarabağ münaqişəsindən sonra formalaşan yeni reallıqlar da münasibətləri daha həssas edib: İrəvan bir tərəfdən Rusiya ilə ittifaqını qorumağa çalışır, digər tərəfdən isə Avropa İttifaqı və ABŞ-la yaxınlaşmaq niyyətini gizlətmir.
Beləliklə, Putinlə Paşinyan görüşü Moskva–İrəvan münasibətlərinin strateji tərəfdaşlıq çərçivəsində davam etdirilməsi üçün mühüm siqnal rolunu oynayır. Lakin tərəflər arasında qarşılıqlı asılılıqla yanaşı, etimadsızlıq da qalmaqdadır. Ermənistanın Qərbə inteqrasiya cəhdləri ilə Rusiyanın regionda dominant mövqeyini qorumaq istəyi bu münasibətləri hələ uzun müddət ziddiyyətli saxlayacaq”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
