“Cadu etdirmək və onunla məşğul olmaq İslam dinində günah sayılır. Amma digər günahlar kimi insanlar bu günaha da çox vaxt əhəmiyyət vermirlər”.
Bu fikirləri Paraqraf.com-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib.

Onun sözlərinə görə, son illərdə sosial mediada cadugərlərə marağın artması müşahidə olunur. İlahiyyatçı qeyd edib ki, bəzilərinin həm maddi maraqları, həm də yanlış inancları caduya meyli gücləndirir:
“Caduya maraq müxtəlif səbəblərdən yaranır. İlk növbədə inam amilidir. Daha asan yolla arzularına nail olmaq istəyənlər inanırlar ki, guya cadu ilə uğur qazanmaq mümkündür. Halbuki bu, illüziya və psixoloji təsirdən qaynaqlanan yanlış düşüncədir”.
Tural İrfan əlavə edib ki, caduya meylin digər səbəblərindən biri də sosial problemlərə asan yolla çıxış axtarışıdır:
“Bəziləri inanır ki, müşküllərini cadunun köməyi ilə həll edə bilərlər. Bir qism insanlar isə sırf pis niyyətlə ziyan vermək, ailə dağıtmaq, xəstəlik yaratmaq üçün cadudan istifadə edirlər”.
İlahiyyatçı vurğulayıb ki, Quranda cadunun mövcudluğu təsdiqlənir, lakin onunla məşğul olmaq və etdirmək qəti şəkildə haram buyurulur:
“Təsiri barədə müxtəlif rəylər mövcuddur. Əslində, bu, mənfi enerjinin yönəldilməsi və psixoloji təsir vasitəsilə baş verir. Dində isə cadunun izahı şeytan və cinlərlə bağlıdır. Cadugərlər müxtəlif rituallar vasitəsilə elmə tam məlum olmayan üsullardan istifadə edirlər. Amma nəticədə bu, çirkin və zərərli əməl olaraq qalır”.
Onun sözlərinə görə, İslamda belə təsirlərdən qorunmağın yolu mənəvi və fiziki təmizliyi qorumaq, imanı güclü saxlamaq, mütəmadi dua etmək və Quran oxumaqdır:
“Cadu ilə məşğul olan və ya buna müraciət edən insanlar ən böyük günahlardan birinə yol verirlər. Onlar çox zaman bu dünyada da ağır problemlərlə qarşılaşırlar. Çünki mənfi enerji ilə məşğul olmaq, nəticədə həmin təsirin cadunu edən şəxsin özünə də qayıtmasına səbəb olur”.
Ləman
Paraqraf.com
![]()
