Bir zamanlar balaca bir kənddə uşaqlar məktəbə ilk dəfə yığışmışdılar. Müəllim onlardan soruşdu:
— Böyüyəndə kim olmaq istəyirsiniz?
Kimisi dedi:
— Polis olacağam, vətəni qoruyacağam.
Kimisi dedi:
— Hərbçi olacağam.
Kimisi isə gülümsəyərək dedi:
— Müəllim olmaq istəyirəm.
Sinfin arxa sırasında isə bir uşaq sakitcə qulaq asırdı. Müəllim ona yaxınlaşdı və soruşdu:
— Bəs sən, böyüyəndə kim olmaq istəyirsən?
Uşaq bir an düşündü, sonra sakitcə cavab verdi:
— Mən ilk növbədə insan olmaq istəyirəm. Sonra hansı peşəni seçsəm, o işdə insanlığımı itirmədən çalışacağam.
Müəllim bu cavabı eşidəndə qürurla başını yellədi.
İllər keçdi…
Həmin uşaq böyüdü və cəmiyyətin müxtəlif insanlarını yaxından tanıdı.
Bir gün bir rəssam gördü – fırçası ilə öz dünyasını rənglərə çevirir, sevgisini tabloya hopdururdu.
Bir müəllim gördü – şagirdlərinə yalnız dərs keçmir, həm də onların həyatına işıq saçır, ikinci valideyn kimi yanında dururdu.
Bir aşpaz gördü – o, sadəcə yemək bişirmirdi, sevgisini qazana qatırdı. İnsanlar o yeməyi dadanda həm doyurdular, həm də sanki qəlbləri isinir, rahatlıq tapırdı.
Uşaq indi başa düşmüşdü ki, hər bir peşə vacibdir. Polis də, hərbçi də, müəllim də, rəssam da, aşpaz da – hamısı cəmiyyət üçün lazımdır. Amma bütün bu yolların əvvəlində insan olmaq dayanır.
Və o hər kəsə bir məsləhət verdi:
— Hansı işi seçirsinizsə, seçin. Amma sevin, dəyərləndirin, öyrənin və öyrədin. Çünki işinizə insanlığınızı qatanda cəmiyyət də gözəlləşəcək, dünya da.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
