“Vətən mənim ruhumda, canımda, qanımda olur,” – deyə vətən oğulları, xalqımızın ən müqəddəs dəyərlərini və fəxri amalını ifadə edirlər. Azərbaycanın müstəqilliyi və torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidlər, bu müqəddəs amal uğrunda misilsiz iradə və yenilməzlik nümayiş etdiriblər. “Biz gəldi-gedərik, təki vətən yaşasın!” bu amalla yaşayan şəhidlər, ən çətin anlarda belə heç vaxt geri çəkilmədilər, hər zaman döyüşdülər və həyatlarını vətən üçün fəda etdilər.
Vətənə, xalqa olan sevgisi idi onlara cəsarət verən, sıralarını möhkəmləndirən. Onlar hər biri öz işini və vəzifəsini ən yüksək səviyyədə yerinə yetirdilər və tarix yazdılar. Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda döyüşənlərin şücaəti heç zaman unudulmayacaq. 27 sentyabr 2020-ci il, Azərbaycanın qəhrəmanlıq salnaməsində yeni bir səhifə açdı. O gün, Azərbaycan əsgərinin, silahlı qüvvələrinin şücayəti, igidliyi və torpaqlarını düşmən işğalından azad etmə arzusuyla başlayan zəfər yürüşü tarixə damğa vurdu.
Azərbaycan Ordusunun Vətən uğrunda savaşı, işğal altındakı torpaqlarımızın azad edilməsi, şəhidlərimizin qanı ilə yazıldı. Bu zəfərdə şəhid olmuş igid oğullardan biri də İlqar Əhmədov idi.
İlqar Əhmədov: Qəhrəmanlıq, Vətənpərvərlik və Fədakarlıq
İlqar Adil oğlu Əhmədov, 4 aprel 1978-ci ildə Bakı şəhərinin Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində, zəhmətkeş bir ailədə anadan olub. Ailənin sevimli övladı olan İlqar, uşaqlıqdan çox vətənpərvər ruhda böyüyüb. 1985-1995-ci illərdə Bakı şəhərindəki 100 nömrəli tam orta məktəbdə təhsil alıb və müəllimlərinin, sinif yoldaşlarının rəğbətini qazanıb. O, həmçinin qardaşı Vüqar ilə çox mehriban və qayğıkeş bir münasibət qurmuş, hər bir şeydə bir-birinə dəstək olublar.
1995-ci ildə orta məktəbi bitirən İlqar, Q.Məmmədov adına Hərbi Dənizçilik Akademiyasına qəbul olub və orada Elektro Mexanika fakültəsində təhsil alıb. Akademiyada təhsil alarkən müəllimlərinin və tələbə yoldaşlarının hörmətini qazanıb. Dördüncü kursda qiyabi təhsilə keçir, amma idmana olan sevgisi onu cangüdən kursuna yönəldir və burada təlimlər alır.
1998-ci ildə İlqar hərbi xidmətə çağırılır və Tərtər rayonundakı “N” saylı hərbi hissəyə yollanır. Xidməti müddətində komandirliyə qarşı yüksək hörmət qazanan İlqar, kəşfiyyatçı olaraq müxtəlif tapşırıqları uğurla yerinə yetirib. Xüsusilə kəşfiyyat sahəsindəki bacarıqları ilə komandir heyətinin sevimlisinə çevrilən İlqar, vətən uğrunda canını fəda etməyə hazır olan bir əsgər kimi yetişib.
İlqarın Şəhidlik Zəfəri
26 yanvar 2000-ci ildə, soyuq şaxtalı bir qış günü, İlqar verilən tapşırığı yerinə yetirərkən, mənfur düşmənin basdırdığı mina partlayır və İlqar şəhidlik zirvəsinə ucalır. O, vətən uğrunda həyatını qurban verərək, bir əfsanəyə çevrilir. Hərbi xidmətdəki döyüşlərində göstərdiyi şücaət, cəsarət və fədakarlıq onu Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşadır.
İlqarın anası Leyla xanım, göz yaşlarını silərək deyir: “İki oğlum vardı. İlqar şəhid oldu, çox vətənpərvər idi. Uşaq vaxtlarında kəndə gedəndə həyətdən meyvə yığıb əsgərlərin yanına dağa qalxardı. Elinə-obilərinə çox bağlı idi. Vüqar isə qardaşının yoxluğu ilə heç barışa bilmədi və qəflətən ürək tutmasından dünyasını dəyişdi. İndi həyat yoldaşımla tək qalmışıq, amma oğullarımızla qürur duyuram. İlqar oğlum, ruhun şad olsun, vətən torpaqları azad olsun!”
İlqarın ailəsi, onun qəhrəmanlıq yolunu heç vaxt unutmayacaq. İlqar, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş igid bir övlad olaraq tarixdə öz izini qoyub. Onun qanı, zəfər yürüşünə və Qarabağın azad edilməsinə töhfə vermişdir. Bu gün Azərbaycan bayrağı qürurla dalğalanır, İlqarın da adı bu bayrağın altında ucalır.
Vətən üçün Fədakarlıq, Vətənin Qəhrəmanları
İlqar Əhmədov kimi igid oğulların mübarizəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Onlar yalnız bir ailənin, bir kəndin övladları deyil, bütöv bir xalqın qəhrəmanlarıdır. İlqarın şəhid olması, onun ailəsi üçün böyük bir itki olsa da, onun fədakarlığı və vətənpərvərliyi, gələcək nəsillərə bir örnəkdir.
Qarabağ Azərbaycandır! Bu müqəddəs torpaqlar uğrunda şəhid olmuş hər bir qəhrəmana olan ehtiram, onların fədakarlığına olan minnətdarlığımız sonsuzdur. İlqar Əhmədov kimi oğulların ruhu daim şad olsun!
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü
![]()
