Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda keçirilən son görüşü yalnız iki ölkə arasında deyil, həm də Orta Şərq siyasətində mühüm dəyişikliklərin rəsmi başlanğıcı ola bilər. Bu dəfə görüşündə Suriya Prezidenti Əhməd əş-Şaaranı (Culani) qəbul edən Ərdoğan, həm regiondakı geosiyasi balansı, həm də ölkələrarası əlaqələri yeni bir müstəviyə daşımağa çalışır. Görüş, həmçinin, Suriya və Türkiyə arasında mövcud olan gərgin münasibətlərin yumşalmasında əhəmiyyətli bir addım ola bilər.
Görüşün detallarına dair məlumatı ilk olaraq TRT Haber yayıb. Lakin müzakirələrdə diqqət çəkən bir neçə mühüm məqam var ki, bu, yalnız Türkiyə və Suriya arasındakı əlaqələrə deyil, həm də beynəlxalq siyasi müstəvidə yeni bir mərhələni işarə edir.
Politoloq Turan Rzayev Paraqraf.com-a açıqlamasında bildirib ki, Əhməd əş-Şaara hökumətinin hakimiyyətə gəlməsi və Suriyadakı siyasi dəyişikliklər, həmçinin mövcud proseslər, Türkiyəyə qarşı ciddi bir minnət borcu yaratmışdır:

“Bugün Türkiyə və Suriya regionda bir çox məsələlərdə ortaq hərəkət edir. Hətta Ankaranın Suriyaya müəyyən təsiri də mövcuddur. Lakin Əhməd əş-Şaara gözlənilmədən daha praqmatik bir siyasət yürütməyə başlayıb. Dini və radikal bir mövqe sərgiləməsi ehtimal edilən Culani, xarici siyasətdə çoxsahəli əlaqələrə üstünlük verərək ölkəsinin daxili və etnik problemlərini həll etməyə çalışan bir lider imici yaratmışdır. Bu isə mühüm bir dəyişiklikdir.
Amerikada keçirilən görüşdə, iştirakçılar arasında yalnız Türkiyə-Suriya münasibətləri deyil, daha geniş regional məsələlər də müzakirə edilib. İbrahim Kalın-ın görüşdə iştirak etməsi, tərəflər arasında kəşfiyyat məsələlərinin, Suriyanın beynəlxalq aləmdəki imicinin düzəldilməsi və İsrail-Suriya münasibətlərindəki son proseslərin müzakirə edildiyini göstərir”.
Politoloq, İsrail-Suriya münasibətlərinə də toxunaraq bildirib:
“İsrail-Suriya münasibətlərində Suriya tərəfi mövcud problemləri etiraf edir, amma gələcəkdə bu məsələnin həllinə ümidlə yanaşır. Bu məsələdə Azərbaycanın vasitəçilik rolu da müzakirə mövzusu olub. Lakin Amerikadakı görüşdə əsasən, iki ölkənin regional maraqları və təhlükəsizlik məsələləri müzakirə edilib. Türkiyə, Suriyada özünə uyğun bir hakimiyyətin qurulması üçün böyük səylər göstərib və buna nail olub. Lakin bu hakimiyyətin davamlılığını təmin etmək və Suriyada davam edən təhdidləri ortadan qaldırmaq üçün yeni addımlar atılmağa çalışılır. Bu təhdidlərdən biri isə YPG-dir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
