ABŞ Prezidenti Donald Tramp BMT-nin mənzil-qərargahında Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb. Bu görüş Ukrayna cəbhəsində və ümumilikdə müharibənin gələcək trayektoriyasında mühüm siqnallar kimi qiymətləndirilir.
Politoloq Tural İsmayılov Paraqraf.com-a açıqlamasında bildirib ki, Trampın Zelenski ilə təması Vaşinqtonun Kiyevlə dialoqu davam etdirmək niyyətini açıq göstərir:

“ABŞ artıq Ukraynanı hərbi cəbhədə deyil, danışıqlar masasında daha aktiv görmək istəyir. Trampın ritorikasında silah dəstəyindən çox diplomatik həll yollarına üstünlük verildiyi hiss olunur. Bu, həm də Rusiya ilə bağlı sərt ritorikanın yumşaldılacağına, Moskva ilə yeni münasibət formatlarının axtarılacağına işarədir”.
Politoloqun sözlərinə görə, ABŞ-Ukrayna-Rusiya münasibətləri artıq qarşıdurmadan çox balans axtarışına yönəlir:
“Zelenskinin əsas gözləntisi təhlükəsizlik zəmanəti və davamlı dəstəkdir. Ancaq Tramp Ukraynanın müharibəni uzatmaq əvəzinə siyasi çıxış yollarına diqqət ayırmasını istəyir. Bu mövqe həm ABŞ ictimaiyyətində, həm də Avropada artan müharibə yorğunluğunun təzahürüdür”.
Trampın Çin və Hindistana ünvanladığı mesajlara da toxunan Tural İsmayılov qeyd edib ki, bu, qlobal enerji siyasəti ilə bağlıdır:
“Çin və Hindistan Rusiya neftini almaqda davam etdikcə, Kreml iqtisadi nəfəs qazanır. Tramp isə açıq şəkildə göstərir ki, müharibənin uzanmasında təkcə Qərbin deyil, Şərqin də mövqeyi rol oynayır. Bu, ABŞ-ın Ukrayna böhranını qlobal güc mübarizəsinin bir hissəsi kimi təqdim etdiyini göstərir”.
Ekspertin fikrincə, Tramp–Zelenski görüşü simvolik xarakter daşısa da, yaxın perspektivdə diplomatik həll üçün mühüm platforma rolunu oynaya bilər.
Kəmalə Vəliyeva, Paraqraf.com
![]()
