İran kəşfiyyatı İsrailin hərbi və nüvə obyektlərinə dair geniş həcmli məxfi məlumat əldə edib.
Paraqraf.com xəbər verir ki, bu barədə İran İslam Respublikasının kəşfiyyat naziri İsmayıl Xatib Tasnim agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, materiallar İsrailin nüvə və hərbi layihələrinin modernləşdirilməsinə, ABŞ və bir sıra Avropa ölkələri ilə birgə proqramlarına, eləcə də müdafiə sahəsində idarəetmə strukturuna dair milyonlarla səhifəlik məlumatı əhatə edir.
Xatib vurğulayıb ki, Tehran 189 israilli mütəxəssis haqqında şəxsi məlumatlar və ünvanlar da daxil olmaqla tam məlumata, həmçinin ikili təyinatlı obyektlərin dəqiq koordinatlarına malikdir. Onun iddiasına görə, həmin obyektlər iyunda İsraillə baş vermiş “12 günlük müharibə” zamanı məhv edilib.
Nazir həmçinin bəyan edib ki, bəzi israillilər maliyyə maraqları və ya baş nazir Binyamin Netanyahuya şəxsi antipatiyaları səbəbindən könüllü şəkildə İrana məlumat ötürüblər: “Netanyahu, İranda su böhranını necə həll etməyi düşünmək əvəzinə, işçilərinə maaşı necə artıracağını düşün. Çünki onların bir çoxu kiçik məbləğlər qarşılığında bizimlə əməkdaşlıq edib”.
Paraqraf.com
![]()
