ABŞ Prezidenti Donald Tramp bildirib ki, ikinci müddətinin yeddi ayı ərzində yeddi münaqişəni, o cümlədən Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanı həll edə bilib.
Paraqraf.com xəbər verir ki, Tramp bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.
“Yeddi ay ərzində yeddi sonsuz müharibəyə son qoydum. Təxminən 31 il davam edən, biri 36 il, digəri 28 il olan münaqişələr var idi. Burada söhbət Kamboca və Tayland, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, həmçinin Ermənistan və Azərbaycandakı münaqişədən gedir”, – deyə o bildirib.
ABŞ Prezidenti qeyd edib ki, bu məsələdə BMT ona heç bir kömək etməyib. Onun sözlərinə görə, təşkilatdan aldığı yeganə şey işləməyən eskalator və işləməyən telesuflyor olub.
Tramp vurğulayıb ki, bu nəticəni heç bir lider əldə edə bilməyib.
“Mən bunu cəmi yeddi ay ərzində etdim. Belə bir şey heç vaxt olmayıb. Mən bununla çox qürur duyuram”, – deyə amerikalı lider əlavə edib.
Türkanə Səfərova, Paraqraf.com
![]()
