Ukraynadakı müharibəni nizamlamağın bu qədər çətin olacağını gözləmirdim.
Paraqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
“Düşünürdüm ki, Rusiya və Ukrayna arasındakı müharibəni bitirmək ən asan məsələ olacaq, amma müharibədə heç vaxt nə baş verəcəyini bilmirsən… Hamı düşünürdü ki, Rusiya bu müharibəni üç günə qazanacaq, amma hər şey başqa cür oldu. Elə bilirdilər ki, bu, sadəcə tez bitəcək bir qarşıdurma olacaq. Bir neçə gün, maksimum bir həftədən az davam etməli olan şey artıq üç yarım ildir davam edir. Həftəlik olaraq 5 mindən 7 minədək gənc əsgər ölür, əsasən hər iki tərəfin əsgərləri və şəhərlərdəki insanlar”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti həmçinin Hindistan və Çini tənqid edib, onların sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsini “maliyyələşdirdiyini” bildirib. O əlavə edib ki, bəzi NATO ölkələri hələ də Rusiya enerji daşıyıcılarını alırlar ki, bu da “bağışlanmazdır”.
Tramp deyib ki, əgər Rusiya Ukrayna ilə sülh sazişi bağlamasa və müharibəni dayandırmasa, ABŞ “nəhəng rüsumlar” tətbiq etməyə hazırdır. Onun sözlərinə görə, bu, atəşkəsə nail olmağa kömək edəcək.
“Amma bu rüsumların effektiv olması üçün Avropa ölkələri – siz, bu gün burada toplaşanlar – bizə qoşulmalı və eyni addımları atmalısınız… Onlar Rusiyadan neft və qaz alırlar, halbuki onunla müharibə aparırlar. Bu, onlar üçün utancdır… Onlar dərhal Rusiyadan bütün enerji daşıyıcılarının alınmasını dayandırmalıdırlar. Əks halda, çox vaxt itirəcəyik. Mən bunu müzakirə etməyə hazıram. Bu gün burada toplaşmış Avropa ölkələri ilə bunu müzakirə edəcəyik”, – Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Avropa İttifaqı da eyni addımı atarsa, Rusiya əleyhinə “çox ciddi rüsum paketi” tətbiq olunacaq. “Amma bu rüsumların effektiv olması üçün Avropa ölkələri – bu gün burada olanlar – bizə qoşulmalı və eyni tədbirləri görməlidirlər. Siz Rusiyaya daha yaxındasınız”, – deyə o əlavə edib.
Amerika lideri vurğulayıb ki, Ukraynada atəşkəsə nail olmaq üçün fasiləsiz çalışır.
Bu, Donald Trampın 2020-ci ildən sonra BMT Baş Assambleyasında ilk çıxışı olub. Çərşənbə axşamı axşam saatlarında onun Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılıb. Zelenski də BMT-də çıxış edəcək.
Türkanə Səfərova, Paraqraf.com
![]()
