Böyük şəhərlərin ən ciddi problemlərindən biri tıxacdır. İnsanların gündəlik həyat ritmini pozan, vaxtı əlindən alan, əsəbləri gərən bu problem artıq təkcə yol nəqliyyatı məsələsi deyil, həm də sosial-ictimai, iqtisadi və ekoloji nəticələr doğuran bir hadisəyə çevrilib.
Səhər və axşam saatlarında yollarda hərəkətin iflic olması artıq paytaxt sakinləri üçün adi hala çevrilib. Minlərlə insan işə, məktəbə və ya başqa bir ünvana tələsərkən uzunmüddətli tıxaclarda qalır. Nəticədə iş vaxtı itir, məhsuldarlıq aşağı düşür, insanlar yorğun və gərgin vəziyyətdə günə başlayırlar.
Tıxacın başqa bir acı tərəfi isə ekologiyaya təsiridir. Saatlarla işləyən minlərlə avtomobil havaya əlavə qazlar buraxır, bu da şəhərin havasını çirkləndirir və sağlamlıq üçün riskləri artırır. Deməli, tıxac təkcə fərdin əsəblərinə yox, cəmiyyətin ümumi rifahına da zərbə vurur.
Problemin həlli üçün müxtəlif təkliflər irəli sürülür: ictimai nəqliyyatın daha da inkişaf etdirilməsi, alternativ yol şəbəkələrinin qurulması, smart idarəetmə sistemlərinin tətbiqi və velosiped, elektrik skuteri kimi ekoloji nəqliyyat vasitələrinin təşviqi. Ən əsası isə sürücülərin və sərnişinlərin məsuliyyət hissinin artırılmasıdır.
Tıxac yalnız yolun ortasında ilişib qalmaq deyil, həm də həyatımızın axarına təsir edən bir maneədir. Onun qarşısını almaq üçün isə həm dövlətin, həm də vətəndaşların birgə səylərinə ehtiyac var. Çünki rahat yollarda hərəkət etmək – hər kəsin haqqıdır.
Həsən Məmmədov
Paraqraf.com
![]()
