Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yekunları ilə bağlı sosial şəbəkə X-də paylaşım edib.
Bu barədə Paraqraf.com nazirin X sosial şəbəkəsindəki səhifəsinə istinadla xəbər verir.
“Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bir daha Azərbaycanın xarici sərmayələr üçün açıq və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələr və uzunmüddətli əməkdaşlıq üçün etibarlı tərəfdaş olduğunu vurğuladı.
Forum çərçivəsində ümumi dəyəri 10 milyard dollardan çox olan investisiya layihələri üzrə sazişlər imzalandı. Onların 7 milyard dollardan çoxu qeyri-neft sektorunda həyata keçiriləcək və burada xarici tərəfdaşların iştirakı nəzərdə tutulur.
Bu irimiqyaslı investisiyalar iqtisadiyyatın şaxələndirilməsi üçün yeni imkanlar yaradacaq, innovasiyaları və texnologiyaların transferini sürətləndirəcək, həmçinin ümumi rifahın yüksəlməsinə töhfə verəcək.
Ölkəmizin iqtisadi potensialının açılmasında mühüm rol oynayan forumun təşkilinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda tədbirin təşkilatçılarına, hökumət nümayəndələrinə, tərəfdaşlara və bütün iştirakçılara dəyərli töhfələrinə görə minnətdarlığımızı ifadə edirik”, – deyə Cabbarov yazıb.
Türkanə Səfərova, Paraqraf.com
![]()
